Saturday, July 22, 2006


GÜNEY AZƏRBAYCANDA YER ADLARI DƏYİŞDİRİLİR

Bu addəyişdirmə Səttar xan'ın doğulduğu kənddən də yan ötməyib

SƏDRƏDDİN

Ermənistanda Türkcə toponimlərin başına gətirilənlər bütün İran miqyasında təkrarlanır. Yer adları hətta Türk əhalisinin yaşadığı bölgələrdə belə dəyişdirilməkdədir. Güney qaynaqlarından aldığımız mə'lumatlarda bildirildiyinə görə, Güney Azərbaycanda Türkcə yer adlarının dəyişdirilməsi prosesi bu gün də davam edir. Toponimlər Fars və ya Ərəb dillərində yeni qondarma adlarla əvəzlənir. Bu addəyişmələr əhəmiyyətli elm və mədəniyyət obyektlərdən də yan ötmür. Məsələn, Təbrizdəki məşhur Milli Kitabxananın adının dəyişdirilməsi buna misal kimi göstərilir. İndi onun adı "Mərkəzi kitabxana"dır.

Mə'lumatlarda bildirilir ki, bir neçə il öncə Təbrizdə Milli Kitabxana üçün yeni bina tikildi və bura çağdaş avadanlıqla təchiz olundu. Onun adının dəyişdirilməsi də bu vaxt baş verdi. Bunu Tehran şəhərində müvafiq adda kitabxananın varlığı ilə izah etdilər. Lakin bu addəyişmə Təbriz ziyalılarının narazılığı ilə qarşılanıb və bu narazılıq səbəbsiz deyil: tarixdən də bəlli olduğu kimi, İran üzrə bu ilk çağdaş tipli dövlət kitabxanası Azərbaycan'ın inzibati mərkəzi olan Təbriz şəhərində hardasa yüz il öncə açılıb və o zamandan bura "Milli Kitabxana" adlanır. İndisə belə çıxır ki, ölkənin ən qədim Təbriz Milli Kitabxanasının cəmi bir yaşı var. Onlar bu addəyişməni şəhərin mədəniyyət tarixinə təcavüz hesab edirlər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, ad dəyişdirmək bir yana, kitabxananın içinə də vaxtaşırı əl gəzdirilir. Son yüz ildə bu kitabxanada böyük kitab fondu toplanmışdı, lakin 1979-cu ilin inqilabı fonda böyük ziyan vurdu - inqilabdan az sonra kitabyandıranlar "islam dəyərlərinə uyğun deyil" adı altında bu kitabxananın yazı və sənəd incilərinin bir qismini məhv etdilər. Söylənənə görə, vaxtaşırı aparılan "təmizləmə aksiyaları" zamanı kitabxanadan xeyli sayda dəyərli kitablar "yoxa çıxır"...

SƏTTAR XAN'IN DOĞULDUĞU KƏNDİN İNDİ BAŞQA ADI VAR

Sərdari-Milli Səttar xan'ın doğulduğu Bişək kəndinin təzə adı Sərdarkənd'dir. Əlbəttə, ilk baxışdan burada qəribə heç nə görünmür. Amma tarixi şəxsiyyətlərin doğulduğu yer adlarına daha ehtiyatla yanaşılmalıdır. Yəni bundan sonra yazacaqlar: "Səttar xan Sərdarkənd'də doğulub". Axı gülməli alınır. Söhbət etdiyimiz Güney ziyalılarının fikrincə, kəndin adının dəyişdirilməsi heç də hakimiyyətin Səttarxan'a sayğı və sevgisindən irəli gəlmir. Sadəcə, bununla Güney Azərbaycanda apardığı addəyişmə siyasətinin bu yeni faktını pərdəlmiş olur.

Bəli, Səttar xan 1867-ci ildə Qaradağ mahalının Görmədüz bölgəsindəki bu balaca kənddə - Bişək'də xırda tacir ailəsində dünyaya göz açıb. Yeni gəlmişkən, bu günlərdə onun 135-ci doğum ildönümü tamam oldu. Amma söylənənə görə, bu böyük tarixi şəxsiyyətin kəndi məhzun bir görkəmdədir. Bu obada yaşayan 600-ə yaxın yoxsul sakinin güzəranı heç vaxt molla hakimiyyətinin diqqətini çəkməyib. Deyilənə görə, ötən illər ərzində rəsmilərdən bir nəfər də olsun buraya ayaq basmayıb, camaatın müşkülləri ilə maraqlanmayıb.

Kəndin adını dəyişdirməyə gələn Şərqi Azərbaycan əyaləti İcra Hakimiyyətinin başçısı yalan-gerçək kənd camaatına söz verib ki, Bişək'in (yəni Sərdarkənd'in) telefon və elektrik xətti bir neçə günə bərpa olunacaq. O, daha sonra deyib ki, qarşıdan gələn dörd il ərzində Səttarxan'ın doğulduğu bu kəndi ölkənin nümunəvi məntəqələrindən birinə çevirəcəklər. Xatırladırıq ki, dörd ildən sonra Səttarxan'ın başçılıq etdiyi Məşrutə hərəkatının 100 illiyi olacaq və bu aksiya ilə hökumət Azərbaycan Türkləri arasında itirilmiş nüfuzunu bərpa etməyə çalışır.

"PARS", YOXSA "AZƏRBAYCAN"?

Ad dəyişdirilməsi ilə bağlı aldığımız başqa bir xəbər Təbrizdə tikilib istifadəyə verilmiş mehmanxanaya aiddir. Qəzetimizin ötən saylarından birində xəbər vermişdik ki, burada tikilmiş otelin layihəsində mehmanxananın adı "Azərbaycan" olaraq göstərilmişdi. Amma tikinti istifadəyə verildikdən sonra o, "Pars" deyə adlandırıldı. Mehmanxananın bu yeni adına o vaxt Təbriz Universitetinin tələbələri e'tiraz etmişdilər.

Mə'lumatda deyilir ki, bu günlərdə Təbriz şəhər Şurasının sədri doktor Ləvasani Şərqi Azərbaycan əyalətinin valisinə mehmanxananın adının dəyişdirilməsi ilə bağlı məktub göndərib. Şura sədri bununla bağlı şəhər sakinlərinin çoxsaylı tələblərini əsas kimi göstərib. O, məktubda "Pars" sözünü şəhər və əyalətin özünəməxsus adı ilə dəyişdirilməsini validən təkidlə xahiş edib. Sözügedən mehmanxana Təbriz şəhərində El Gölünün (keçmiş Şah gölü) yaxınlığında yerləşir. Mehmanxanaya "Pars" adı isə Sosiyal-Tə'minat Təşkilatı tərəfindən verilib

0 Comments:

Post a Comment

<< Home