Saturday, July 22, 2006


REJİM ADLARLA DA DÜŞMƏNÇİLİK EDİR

O, çirkin niyyətini həyata keçirmək üçün bundan yararlanmağa çalışır

Düşmən millətimizə qarşı bütün sahələr üzrə öz iddiasını həyata keçirir. Söhbət Fars şovinizmindən gedir. Azərbaycan Türkcəsində təhsil almağı yasaqlayır, hərçənd rejimin qəbul etdiyi Ana Yasada bu haqq açıq-aydın görünür. Tariximizi saxtalaşdırır. Mədəniyyətimizi məhv etməyə çalışır. Bu azmış kimi yer, çay, dağ və tarixi abidələrin adlarını dəyişdirir. Bir sözlə, qos-qocaman Azərbaycan Türkünü bir qrup fars şovinisti tarix səhnəsindən silməyə cəhd göstərir.

"Şəms Təbriz"in 105-ci sayında "Coğrafi adların dəyişdirilməsi" yazısı bundan bəhs edir. Yazının müəllifi Seyid Riza Dibavər'dir. O yazır:"Şəhər, kənd, dağ, çay və tarixi abidələrin adları həmin bölgələrdə yaşayan millətin mədəniyyət və tarixini öyrənmək üçün bir açardır. Əgər istəsək Türk, Ərəb və Kürd dilində olan adların dəyişdirilməsindən danışaq, hətta onlardan yalnız xülasə etsək belə, uzun bir məqalə alınar. Amma biz bu yazıda coğrafi adların dəyişdirilməsi səbəbləri və bir neçə nümunə ilə kifayətlənəcəyik.

Qərbdə mədəniyyət və elmin inkişaf etdiyi bir zamanda İranda qatı millətçilik və panfarsizm meydana çıxdı. Bu antimədəni hərəkat Pəhləvi sülaləsi hakimiyyətə gəldikdən sonra daha da gücləndi. Azərbaycan güclü tarixi köklərə və özəl mədəniyyətə malik olduğundan Fars şovinizminin əsas hədəfinə çevrildi. Azərbaycan əhalisini "Azəri" adlandırmaq, onların Türk olmamalarını sübut etməyə yönələn bir cəhd idi. Təəssüflə bu gün də bir sıra yazıçılar "Türk" adı yerinə, hələ də "Azəri" sözünü işlətməkdədirlər.

1296 - 98-ci illər (1918 - 20) arasında Azərbaycan Cümhuriyyətinin adının qoyulmasına e'tirazlar da bu qəbildən idi. "Azərbaycan" adının verilib-verilməməsi ilə bağlı çoxlu fikir söylənildi. Ancaq "Azərbaycan" qəzetinin 152-ci sayında M. Ə. Rəsulzadə'nin verdiyi cavab bütün elmi sübutları özündə cəmləşdirib. Bu gün də siyasət, mədəniyyət sahəsində demokratik və modern düşüncə, nəzəriyyələri təsirli olan, Azərbaycan Xalq Cümhuriyyətinin banisi İran mətbuatının kobud, əsassız məqalələrinə cavab olaraq yazırdı:""Azərbaycan" adı yalnız coğrafi termindən ibarət deyil, bu həm də, milli bir anlamı ifadə edir. Biz özümüzü özəl bir millət bilirik və Türk dilinin bir qolu olan Azərbaycan Türkcəsində danışırıq. Bu millətin (dövlətin) adı Azərbaycandır". Arazın quzeyində ki Azərbaycan adını qəbul edə bilməyənlər irqçilər, o adamlardır ki onun Güneyindəki Azərbaycan'ın coğrafi adlarını dəyişdirdilər. Ensiklopediyaya Məhəmmədəli Firuği'nin (sonralar Riza şah'ın baş naziri olub - S.) başçılıq etdiyi dövrdə adların dəyişdirilməsi ilə bağlı komisiya yaratdılar. Ora tanınmış şovinistlərdən Məlikülşüəra Bahar (Farsların tanınmış şairi - S.), Bədüzzəman Firuzənfər, Hüseyn Gülgülab, Səid Nəfisi, Rəşid Yasəmi (ən qatı fars şovinistləri - S.) daxil idi. Bu şəxslərdən ibarət komisiya qərara almışdır ki, əgər yer adları nə vaxtsa, fars dilində adlanıbsa, oranın adı yenidən bərpa edilsin. Əgər yer adlarının sonunda su, çay, bulaq, dağ sözləri varsa, o, yabançı sayılıb fars dilinə tərcümə edilsin.

1938-ci ildə Kürdüstanda 44 ad dəyişdirildi. Onların əksəriyyəti Türk dilində idi. Məsələn, Türk dilində Tikanlı yer adı Farsca Tikan ("k" hərfini "kolxoz" sözündəki kimi oxumalı - S.) adı ilə əvəzləndi, Çaxırlı - Cağər, Başmaq - Başe, Başbulaq - Sərçeşmə, Qaragül - Siyahqol, Ağtəpə - Sefidtəpeh, Qarabuğda - Siyahgəndon, Ayağçı - Padar, Qutlu - Kəbudan, Gəlin - Qolşən, Qamışlı - Neyistan və s. kimi tərcümə edilərək Farsca oldu. Yerli əhali öz kəndlərinin adını hələ də keçmişdəki kimi adlandırıb tanımaqdadır. Azərbaycandakı Türkcə olan adlar bu gün də dəyişdirilir. Dəyişdirilən bu yer adları tarixən türk dilində olub. Qaraca və ya Qaradağ - Ərəsbaran, Xiyav - Meşginşəhr, Ocan - Bostanabad, Bağış - Bəxşaiş, Tufarqan - Azərşəhr, Acıçay - Təlxərud, Cığatıçayı - Zərrinerud, Tataoçayı - Siminerud, Meydançay - Mehranrud, Qızılözən - Sefidrud və başqaları dəyişdirilərək Farsca adlandırılır.

Panfarsistlərin başqa iyrənc fırıldaqlarından biri də bölgədə yaşayan insanları təhqir etmək üçün həmin yerlərin adının təhqiramiz şəkildə dəyişdirilməsidir. Məsələn, Sarıçay - Sareqiye (Farsca "oğrular yeri" deməkdir), Axmaqaya - Əhməqiyye (Farsca "axmaqlar yeri") adlandırılıb".

Müəllif Ərəb və Kürdlərin yaşadıqları yerlərdə də uyğun dəyişmələrin aparıldığına işarə edərək yazır: "Xuzistanda (Ərəblərin yaşadığı yer) Əbadan (Ərəbcə "Allah'ın qulu" deməkdir) dəyişdirilərək Farsca Abadan ("abad yer" deməkdir), Fəllahiye (Ərəbcə əkin-biçin yeri") - Şadiqan (Farsca "şadlar"), Məhməri - Xorramşəhr, Xəfaciyə - Susəngerd, Bənitorəf - Dəştemişan (Farsca "qoyunlar düzü") adlandırılıb.
Bu gün ən çox tanınmış tarixi abidələrin adları da dəyişdirilir. Təbrizdəki Göy məscid - Məscid-e Kəbud (Farsca tərcümə olunub), İsfahandakı Allahverdixan körpüsü - Siyosepol'la (Farsca 33 körpü) əvəzləndirilib.

Bütün bunlara diqqət yetirilmir. Həmin adlar bir millətə məxsusdur. Onu kimsə dəyişdir bilməz. Amma ərmənlə, ari irqin qohumluğunu nəzərə alanlar (ermənilərlə farsların qohumluğu nəzərdə tutulur - S.) "erməni həmvətənlərimizin" xətirinə dəyməmək üçün Qərbi Azərbaycanda (Türkiyə ilə sərhəddə - S.) Ağrı dağına "Ararat" deməyimizi məsləhət görürlər.

Türk dilində olan adları dəyişdirənlər "Qəreyin"i yenidən nədənsə, "Çaldıran" adlandırmağı özlərinə rəva bildilər (bir zamanlar məşhur Çaldıran məntəqəsini Qəreyin adlandırmışdılar - S.) ?. Bunun cavabı çətin deyil. Türk iqtidarının əzəmətli dönəmindən yaralı olanlar çalışıblar ki, iki böyük Türk imperatorluğunun - Osmanlı və Səfəvi'nin arasında olan düşmənçiliyi diriltsinlər. Amma düşmənlər bilsinlər ki, "Çaldıran" adlı düşmənçiliyi bərpa edə bilməyəcəklər. Əksinə, o dönəmlərdə bundan su-i istifadə edənlər unudulmayacaq və bir daha belə səhvlərə yol verilməyəcək".

0 Comments:

Post a Comment

<< Home